Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Xəbərlər
 

Qəbul imtahanlarına hazırlıqla bağlı yeni vəsaitlər nəşr olunub

RABİL NOVRUZOV: “İMTAHANLARA HAZIRLIQ DAHA DA İNTENSİVLƏŞDİYİ ÜÇÜN TQDK ABİTURİYENTLƏRƏ ELMİ-METODİKİ KÖMƏK YÖNÜNDƏ İŞLƏRİ XEYLİ GÜCLƏNDİRİB”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bugünlərdə qəbul imtahanlarına hazırlığa dair yeni vəsaitlər nəşr edib. Qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu iş sistemli xarakter daşıyır və bir sıra təşkilati, metodiki və nəşr-yayım tədbirlərini əhatə edir. Buraya fənlər üzrə qəbul proqramları, imtahana hazırlıgın optimal yollarına dair metodiki tövsiyələr, fənn proqramlarının aktual mövzularına dair məqalələr, çətin testlərin izahı, model testlər, məktəblilər üçün fənlər üzrə yeni test toplularının təkmilləşdirilmiş nəşrləri, bunların elektron versiyaları, qəbul imtahanlarının proqramlarına əsaslanan vəsaitlər və sair daxildir. “Abituriyent” jurnalının baş redaktor əvəzi Rabil Novruzovun sözlərinə görə, imtahanlara hazırlıq indi daha da intensivləşdiyi üçün TQDK abituriyentlərə elmi-metodiki kömək yönündə işləri də xeyli gücləndirib. Yuxarı sinif şagirdləri və abituriyentlər üçün qəbul proqramlarının məzmununa və tələblərinə uyğun yeni vəsaitlərin nəşrini sürətləndirib. Fizika, riyaziyyat, tarix, kimya, coğrafiya, rus dili, alman dili fənləri üzrə vəsaitlərin hələ ötən illərdə buraxılmış nəşrlərinin yeni təkmilləşdirilmiş variantları çap edilib. Son vaxtlar isə Azərbaycan dili, Ədəbiyyat, İngilis dili fənləri üzrə vəsaitlər nəşr olunub. Biologiya, Riyaziyyat (rus bölməsi üçün) və Coğrafiya fənləri üzrə (təkmilləşdirilmiş nəşr) vəsaitlər isə çapa hazır vəziyyətdədir. Bu vəsaitlərin faydalılığı bir sıra amillərlə şərtlənir: “Məlumdur ki, təlim qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə özünütəhsil (müstəqil təhsil) vərdiş və bacarıqları tərbiyə etməkdir. Ancaq təəssüf ki, bu cəhətdən təlim prosesində ciddi çatışmazlıqlar var. Təhsil sahəsində repetitor xidmətindən geniş istifadə edilməsinin əsas səbəblərindən biri də məhz bununla bağlıdır. Odur ki, öz üzərində müstəqil çalışmaq istəyənlər üçün müvafiq vəsaitlərin hazırlanması olduqca vacib məsələdir. Belə vəsaitlərin nəşri bir də ona görə vacibdir ki, abituriyentlərin heç də hamısı cari ilin məzunları deyil və onların da hamısının repetitor xidmətindən istifadə etmək üçün maddi imkanları yoxdur. Ona görə də hər bir abituriyentin öz üzərində müstəqil çalışmasına səmərəli imkan yaradan metodiki cəhətdən mükəmməl vəsaitlərin hazırlanmasına böyük ehtiyac vardır. Əlbəttə, bu heç də o demək deyildir ki, qəbul imtahanına hazırlaşmaq üçün yalnız bu vəsaitlərdən istifadə etmək kifayətdir. Vəsaitlər heç də məktəb dərsliklərini əvəz etmir. Onların qarşısında müxtəlif vəzifələr durur”. R.Novruzov deyir ki, TQDK-nın nəşr etdiyi vəsaitlərin əsas fərqləndirici cəhətlərindən biri odur ki, bunlarda materialların seçimi və şərhi zamanı üç mühüm elementə – müvafiq elmin əsasları, təhsilin məqsədləri və abituriyentlərin ümumi bilik və yaş səviyyəsinin bir-birilə ən optimal şəkildə əlaqələndirilməsinə xüsusi diqqət yetirilib. Orta ümumtəhsil məktəblərinin aşağı və orta siniflərində tədris proqramları pilləlilik prinsipi üzrə tərtib olunur, yəni aşağı siniflərdə sadə şəkildə öyrənilən materialların yuxarı siniflərdə dərindən mənimsədilməsi prinsipi əsas götürülür. TQDK-nın nəşr etdiyi vəsaitlər isə əsasən abituriyentlər üçün nəzərdə tutulduğundan müəlliflər burada qəbul proqramının məzmun və tələblərinə uyğun olaraq xətti prinsipi, yəni eyni bir mövzu və məsələnin bir dəfə müfəssəl şərh edilməsi prinsipini əsas götürüblər. Bu vəsaitlərin bir faydası da bundan ibarətdir ki, onlar hər bir abituriyentin dərsliklərdən öyrəndiyi biliklərin sistemə salınmasına kömək edir. Onlar biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlama mərhələsində xüsusilə əhəmiyyətli rol oynayır. Vəsaitlərin məzmununa xas olan lakoniklik, şərh və izahlardakı yığcamlıq, mövzunu qısa, lakin dolğun ifadə etmək keyfiyyəti ondan istifadə edənlərə az bir vaxtda səmərəli nəticələr əldə etməyə imkan verəcək. R.Novruzovun dediyinə görə, vəsaitlərin hazırlanması zamanı müəlliflər təlim sahəsində ölkədə və beynəlxalq təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan, mütərəqqi üsul və vasitələrdən, o cümlədən, testləşdirmə və yoxlama metodlarından geniş istifadə ediblər: “Ayrı-ayrı vəsaitlərin fərqli cəhətləri ilə bağlı bəzi məqamlara toxunmaq istərdim. Məsələn, “Azərbaycan dili” vəsaitinin müəllifləri bu fənn üzrə orta məktəb dərsliklərinin məzmununu mümkün qədər mühafizə etməklə bərabər müəyyən mövzuların orta məktəb dərsliklərindən bəzən daha əhatəli izahına çalışıblar. Vəsaitdə tapşırıqlar, müvafiq test sualları verilib. Bunlar da ondan istifadə edənlərin diqqətinin müəyyən konkret məsələlərə yönəltməyə kömək etmiş olub. Vəsait müəlliflərinin fikrincə, onların məktəb dərsliklərində razılaşmadığı, qəbul edə bilmədiyi məqamlar da var. Belə hallarda proqramın və dərsliklərin ümumi məzmununa xələl gətirmədən vəsait müəllifləri bəzi fərqli mülahizələrini də yeri gəldikcə çıxarışlarla verməli olubar. Vəsait müəlliflərinin özləri də etiraf edirlər ki, bu ilk nəşrin hələ təkmilləşdirilməyə ehtiyac var. Yeni nəşrlərimizdən olan “Ədəbiyyat” fənni üzrə vəsait də qəbul imtahanlarına hazırlaşmaqda, bütövlükdə orta məktəbdə ədəbiyyat tədrisinin yaxşılaşmasında, təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün bölmələr yığcam, ancaq zəruri məqamlarda müəyyən təfsilatı ilə izah olunub, bölmələrin sonunda mövzunu tam əhatə edəcək testlər verilib, bu testlərin düşündürücü və məntiqi olmasına diqqət yetirilib. Ədəbiyyatdan ayrıca öyrənilən bəzi əsərlərin məzmunu da diqqət mərkəzində saxlanılıb. Müəlliflər mətninin öyrənilməsində müəyyən çətinliklər olan əsərlərin izahına da xüsusi diqqət yetiriblər”. R.Novruzov bildirib ki, “İngilis dili” fənindən nəşr edilən vəsait üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. 1-ci hissə (fonetika) dilin fonetik quruluşunu, hərf-səs tərkibini, oxu qaydalarını əks etdirir. 2-ci hissə (morfologiya) əsas və köməkçi nitq hissələrindən bəhs edir. 3-cü hissədə (sintaksis) söz birləşmələri, cümlə və cümlə üzvləri haqqında əsaslı məlumat verilir. Fonetik və qrammatik mövzuların əsaslı və sistemli şəkildə verilməsi abituriyentlərin qəbul imtahanına ciddi və səmərəli hazırlaşmasına kömək edəcək. Hər mövzudan sonrakı “Test yourself” başlığı altında təqdim olunmuş test tapşırıqları və onların vəsaitin sonunda verilən cavabları abituriyentlərə hər mövzu üzrə biliklərini müstəqil surətdə yoxlayıb qiymətləndirməyə imkan verəcək. Kommunikativ və öyrədici xarakter daşıyan dialoqlar, mətnlər, şifahi nitqdə çox işlədilən ifadələrin əsasında qurulan test tapşırıqları isə abituriyentlərin nitq və oxuyub anlama vərdişlərini, leksik biliklərini yoxlamağa imkan verəcək. Vəsaitin sonunda, əlavə olaraq, fonetika, zaman formaları, sifətin müqayisə dərəcələri, sual cümlələrinin növləri və s. üzrə cədvəllər, həmçinin sözönlərinin, frazeoloji birləşmələrin işlənməsini əks etdirən siyahılar verilib: “Biologiya fənnindən mövcud materialın həcminin genişliyi nəzərə alınaraq vəsait 4 kitabdan ibarət olacaq: “Botanika”, “Zoologiya”, “Anatomiya” və “Ümumi biologiya”. Bütövlükdə “Botanika” vəsaiti yaxın günlərdə oxucuların istifadəsinə veriləcək. Müəlliflərin fikrincə, “Biologiya” vəsaiti şagirdlərin, abituriyentlərin və müəllimlərin biologiya və onun məktəbdə tədrisinin vəziyyəti və səviyyəsi haqqında təsəvvürlərini genişləndirəcək, həmçinin orta məktəbdə biologiyanın tədrisi səviyyəsinin yüksəldilməsinə kömək edəcək”. R.Novruzovun sözlərinə əsasən, soraq kitabı qismində hazırlanmış bu vəsait orta məktəbin tədris proqramının və ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının əsas bölmə və mövzularını əhatə edir. Bununla belə, vəsaitdə tədris materialının dərindən mənimsənilməsinə kömək üçün biologiyanın məktəb proqramının hüdudlarından kənara çıxan bir çox məsələlərinin ətraflı şərhinə də yer verilib. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər üçün metodiki ədəbiyyatın hazırlanması da diqqət mərkəzində olub. Bu məqsədlə TQDK tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr”, “Kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlər çap edilib. Vəsaitlərdə qabiliyyət ixtisaslarının yığcam xarakteristikası, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və sair təqdim olunub: “Hazırda üzərində tamamlama işi gedən iki vəsait haqqında ayrıca danışmaq istəyirəm. “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlanan birinci vəsait abituriyentlərə düzgün ixtisas seçməyə kömək etmək məqsədi daşıyır. Məlumdur ki, ölkəmizin əmək bazarında ayrı-ayrı sahələrin peşəkar mütəxəssislərə ehtiyacı ilə bağlı problemlər mövcuddur. Bu problemlərin həlli gənclərimizin düzgün ixtisas seçimindən də asılıdır. Hər hansı bir sahəni seçmək istəyən gənc qərar verməzdən əvvəl ixtisasın mahiyyətini yaxşı-yaxşı analiz etməli, bütün çətinlikləri əvvəlcədən nəzərə almağı bacarmalıdır. Lakin təcrübə göstərir ki, ali məktəblərə qəbula hazırlaşan şagird və məzunların heç də hamısı bakalavr ixtisaslarının mahiyyəti haqqında tam və aydın təsəvvürə malik olmurlar. Bunun üçün onlara bu ixtisasların xarakteristikası, təyinatı, bakalavr təhsili başa çatdıqdan sonra peşə hazırlığına uyğun olan fəaliyyət sahələri – gələcəkdə hansı sahələrdə – təşkilat, idarə, müəssisə və ya birliklərdə işlə təmin olunmaq imkanları barədə məlumat və açıqlamalar verilməsinə ehtiyac vardır. Odur ki, TQDK gənclərə kömək məqsədi ilə yeni bir vəsait üzərində işləyir. Yaxın vaxtlarda oxuculara təqdim olunacaq vəsait Nazirlər Kabinetinin təsdiq etdiyi “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın əsasında hazırlanıb. Vəsaitdə ali təhsil müəssisələrimizdə tədris olunan 146 bakalavr ixtisası barəsində məlumatlar əksini tapıb. Dörd kitabçadan ibarət olacaq bu vəsaitdə hər kitabça ali təhsil müəssisələrinin bir ixtisas qrupuna aid olacaq və burada müvafiq ixtisas qrupuna daxil olan ixtisaslar haqqında müfəssəl məlumatlar veriləcək. İlk dəfə olaraq gənclər “Mən bu ixtisasa yiyələndikdən sonra harada işləyə bilərəm” sualına bu kitabçalar vasitəsi ilə cavab tapa biləcəklər. Yeni vəsaitdə abituriyent seçmək istədiyi ixtisasın hansı təhsil müəssisəsində öyrədilməsi, təhsil proqramının mənimsənilməsinin normativ müddəti və forması, həmçinin, tədris prosesində keçilən peşə-ixtisas fənləri haqqında məlumatlar əldə edə biləcək. Bununla yanaşı abituriyentə seçdiyi ixtisası oxuyub bitirdikdən sonra nələri bilməli və bacarmalı olduğu haqda dolğun məlumatlar veriləcək. Biz, vəsaitdə həmçinin, müstəqil surətdə düşünmək və düzgün seçim etmək üçün abituriyentlərə 2009-2010-cu tədris ilində aparılmış qəbul imtahanlarının və müsabiqənin nəticələri əsasında ayrı-ayrı bakalavr ixtisasları üzrə formalaşmış keçid balları, eyni zamanda hər bir ixtisas üzrə formalaşan müsabiqə vəziyyəti haqqında məlumatlar təqdim edəcəyik. İnanırıq ki, ayrı-ayrı bakalavr ixtisasları, gənclərin ixtisas seçimi, müsabiqə vəziyyəti və keçid balları haqqında TQDK-nın informasiya bazasında olan məlumatlardan istifadə edilməklə hazırlanan bu vəsait gənclərimizin peşəyönümünə, ixtisas seçiminə daha düşünülmüş şəkildə yanaşmasına kömək edəcək –həm özlərinin istək, bilik və bacarığına, həm də cəmiyyətin (əmək bazarının) sifariş və ehtiyaclarına uyğun ixtisas seçməsinə müsbət təsir göstərəcəkdir”. R.Novruzov qeyd edib ki, TQDK abituriyentlərin tələbə qəbulu qaydaları və qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış edilməsini həmişə diqqət mərkəzində saxlayır. Üzərində hazırlıq işi gedən digər vəsait – “Abituriyentin bələdçisi” qəbula hazırlaşanlara metodiki kömək silsiləsindən növbəti bir layihədir. Bu adda vəsait hələ 2007-ci ildə nəşr edilib. Lakin ötən dövr ərzində tələbə qəbulunun modelində aparılan mühüm dəyişikliklər “Bələdçinin” yeni təkmilləşdirilmiş nəşrini hazırlamağı zərurətə çevirib: “Biz yeni nəşri hazırlayarkən tələbə qəbulu qaydalarındakı dəyişiklik və yenilikləri nəzərə almağa çalışmışıq. “Abituriyentin bələdçisi” adına layiq olmağa çalışacaq, qəbul imtahanlarına hazırlığın başlanğıcından tutmuş sənəd qəbuluna, imtahan gününə hazırlıqdan tutmuş imtahana və imtahanın nəticələri elan olunan mərhələyə qədər bütün proseslər xronoloji ardıcıllıqla izah ediləcək, abituriyentlər üçün faydalı məsləhət və tövsiyələr veriləcəkdir. Bir sözlə, “Abituriyentin bələdçisi” kitabı qəbula hazırlaşan hər bir abituriyent üçün həqiqi mənada bələdçi olacaq və qəbul kampaniyasının bütün mərhələlərini addım-addım, pillə-pillə abituriyentlə birgə keçəcək. Kitabla tam tanış olduqdan sonra gənclər qəbul prosesi barədə ətraflı biliyə yiyələnəcək və bu bilik onların imtahanda uğur qazanmasına yardımçı olacaq”.

 

Sevinc QARAYEVA