Dövlət İmtahan Mərkəzində abituriyent, valideyn və pedaqoji ictimaiyyət nümayəndələri ilə açıq görüş keçirilib.

Dövlət İmtahan Mərkəzində ayda bir dəfə Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil olunur.

Növbəti açıq görüş aprelin 29-da təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri"nə həsr olunub. Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri M.Abbaszadə belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun informasiyanın çatıdırılmasında, eyni zamanda qarşı tərəflərin fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynadığını vurğulayıb və iştirakçılara öz tövsiyələrini verib.

Daha sonra XI sinif səviyyəsi üzrə 2026 və 2025-ci illərdə keçirilmiş buraxılış imtahanlarının statistik göstəricilərinin müqayisəli təhlili, həmçinin cari ildə imtahanlarda istifadə edilmiş bir neçə tapşırığın statistik göstəriciləri təqdim edilərək müzakirə aparılıb.

Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları cavablandırılıb.

Görüşdən sonra şagirdlər və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən dərslik materialları əsasında hazırlanan bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb. 

Tədbirin əvvəlində iştirakçılar Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilkin statistik nəticələri yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.