Konfransın panel müzakirələri başlanıb
Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans panel müzakirələrlə davam edir.
Təhsilin qiymətləndirilməsi üzrə panel sessiyada Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyevin moderatorluğu ilə “Müasir təhsil sistemində qiymətləndirmənin strateji rolu və yüksək əhəmiyyətli kütləvi imtahanlar: Hədəflər, çətinliklər və fürsətlər mövzusunda fikir mübadiləsi aparılır. Sessiyanın spiker-çıxışçıları Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi sədrinin müşaviri Seçil Alaca, Təhsil Nazirliyi yanında Qazaxıstan Milli Test Mərkəzinin direktor müavini Talqat Niyazov, Türkiyədə Təhsil və Psixologiyada Ölçmə və Qiymətləndirmə Assosiasiyasının Direktorlar Şurasının prezidenti Nuri Doğandır.
Panel sessiyada:
- Qiymətləndirmə prosesində etibarlılığın, bütövlüyün və şəffaflığın təmin edilməsi;
- Qiymətləndirmə proseslərinin və imtahanların rəqəmsal təşkili üzrə atılan addımlar, hədəflər və risklər;
- Yuxarı bilik səviyyələrinin ölçülməsi üçün açıq tipli tapşırıqların kütləvi imtahanlarda istifadəsinin əhəmmiyəti, nəticələrin qiymətləndirilməsi prosesində təhlükəsizliyin və etibarlılığın təmini;
- Qiymətləndirmə nəticələrinin təhsilin keyfiyyətinin yüksəldilməsində strateji alət kimi istifadəsi;
- Təhsilə çıxış və imtahanların təşkilində inklüzivlik və bərabər imkanların təmin edilməsi;
- İmtahan materiallarının hazırlanması, imtahanların təşkili və nəticələrin hesablanmasında süni intellektən istifadənin gətirdiyi imkanlar və risklər müzakirə olunur.
Dövlət Qulluğu üzrə Panel sessiyası isə Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasovun moderatorluğu ilə “Rəqəmsallaşma dövründə kadr siyasəti və insan kapitalının inkişafı üzrə strategiyalar” mövzusunda keçirilir. Sessiyanın spiker-çıxışçıları Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov, Astana Dövlət Qulluğu üzrə Regional Xabın sədri Alixan Baymenov, Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədr müavini Alibek Axmedyar, Özbəkistanın İdarəetmənin Səmərəliliyi Agentliyinin direktor müavini Muzaffar Akramovdur.
Panel sessiyada:
- Dövlət qulluğunun inkişafında qazanılmış təcrübə, əsaslı dəyişikliklər və nailiyyətlər;
- Dövlət qulluğunda səriştəyə əsaslanan kadr seçimi sisteminin yaradılması: nailiyyətlər və hədəflər;
- Son illərdə dövlət qulluğunda insan kapitalının idarə olunmasına yanaşma;
- Növbəti 10 ildə dövlət qulluğunda kadr siyasətinin inkişafı: strateji prioritetlər
- Rəqəmsal platformaların və süni intellekt texnologiyalarının kadr seçimində və kompetensiyaların qiymətləndirilməsində yaratdığı imkanlar və risklər müzakirə olunur.