Dövlət İmtahan Mərkəzi şəhid övladlarına müxtəlif nəşrlər hədiyyə edib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət İmtahan Mərkəzi hər il olduğu kimi şəhid övladlarına müxtəlif nəşrlər hədiyyə edib.
Mərkəzin mətbuat orqanı “Abituriyent” jurnalı redaksiyasının nəşr etdiyi test topluları, siniflər üzrə qiymətləndirmə tapşırığı kitabları 6–14 yaş aralığında olan şəhid övladlarına təqdim edilib.
Layihə çərçivəsində ölkə üzrə ümumilikdə 1368 nəfər şəhid övladı üçün müxtəlif yaş qruplarına uyğun hazırlanmış 44 adda, 3251 ədəd nəşr ayrılıb. Nəşrlər Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində təhsil alan şəhid övladlarına çatdırılıb.
Şəhid ailələrinin və övladlarının dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunması siyasətinə töhfə vermək məqsədilə həyata keçirilən bu təşəbbüs uşaqların təhsilə marağının artırılmasına, onların bilik və bacarıqlarının inkişafına dəstək göstərməyə xidmət edir.
Dövlət İmtahan Mərkəzi gələcəkdə də sosial həssas qrupların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.