DİM-in 10 illik yubileyinə həsr olunmuş konfrans öncəsi praktik məşğələlər (Pre-Conference Workshops) keçirilir
2026-cı il aprelin 9-dan 11-dək Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə “Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfrans çərçivəsində aprelin 9-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təhsildə qiymətləndirmə sahəsində praktik bacarıqların inkişafı üçün müxtəlif mövzularda məşğələlər (Pre-Conference Workshops) keçirilir. Vörkşoplar vasitəsi ilə iştirakçılar yeni metodlar və yanaşmalarla tanış olacaq, həmçinin real nümunələr üzərində təcrübə qazanacaqlar.
Məşğələlər “Səriştə əsaslı qiymətləndirmə metodları: simulyasiya oyunları və STAR metodu ilə müsahibələr”, “Nəzəriyyədən tətbiqə: Xarici dillər üzrə dinləmə və oxu mətnləri əsasında qiymətləndirmə tapşırıqlarının hazırlanması”, “Təhsil keyfiyyətinin təkmilləşdirilməsi: Dərsliklərin monitorinqi”, “Avtomatlaşdırılmış Yazı Yoxlama Sistemində yazı işlərinin meyarlar əsasında qiymətləndirilməsi (Azərbaycan dili, ingilis dili və riyaziyyat fənləri üzrə)” və “Emosional zəka nümunəsində qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması” mövzularına həsr olunub.
Vörkşoplar Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən keçirilir. Məşğələlərdə öncədən qeydiyyat keçmiş 100-dən artıq mütəxəssis iştirak edir.