Bu gün Azərbaycan xalqı üçün tarixi, qürurlu günün, 44 günlük Vətən müharibəsində qazanılan, 30 illik həsrətin sonu olan şanlı Zəfərin 5-ci ildönümüdür.

2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən haqq savaşı, Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla, xalqın və dövlətin birliyinin, cənab Prezident İlham Əliyevin müdrik liderliyinin, uzaqgörən siyasətinin və ordumuzun yenilməzliyinin nəticəsində şanlı Zəfərlə başa çatdı.

44 günlük Vətən müharibəsi Azərbaycanın milli birliyini və vətənpərvərlik ruhunu misilsiz dərəcədə nümayiş etdirdi. Xalq Ali Baş Komandanın ətrafında sıx birləşdi, hər bir azərbaycanlı ön cəbhədə döyüşən əsgərlə eyni səngərdə dayandı. Bu birliyin gücü, cənab Prezident İlham Əliyevin hər zaman vurğuladığı kimi, Azərbaycanın ən böyük sərvətidir. Məhz bu həmrəylik ölkəmizi Zəfərə, ardınca isə bərpa və quruculuq mərhələsində yeni yüksəlişə gətirib çıxardı.

Bu gün Zəfər tarixinin 5-ci ilində Azərbaycan yalnız keçmişin qürurunu yaşamır, həm də gələcəyin parlaq səhifəsini yazır. Şanlı Zəfərin 5 illiyi təkcə hərbi qələbənin ildönümü deyil, həm də müstəqil dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və liderimizin qətiyyətli iradəsinin təntənəsidir. Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan bu gün regionda sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir. Bu Zəfər bir daha sübut etdi ki, Azərbaycan xalqı üçün azadlıq, müstəqillik və torpaq sevgisi əbədidir.

Zəfər tariximizin ən müqəddəs səhifəsi şəhidlərimizin qanı ilə yazılıb. Azərbaycan Ordusunun minlərlə qəhrəman oğlu Vətən torpaqları uğrunda canından keçdi, yüzlərlə qazimiz bu zəfərin memarına çevrildi. Bu gün onların hər biri xalqın yaddaşında əbədi qəhrəmanlıq rəmzi kimi yaşayır.

Əziz Şəhidlərimizin ruhu qarşısında hörmətlə təzim edir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Qəhrəmanlıqla yazılmış bu tarix gələcək nəsillər üçün misilsiz sərvətdir.

Yaşasın rəşadətli Azərbaycan ordusu! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Zəfərin mübarək, Azərbaycan!